(+99412) 597-38-98

Qaydalar


- Nəzərinizə çatdırırıq ki, Azərbaycan Tibb Universiteti (ATU) tələbələri cəlb edən ŞİRKƏTLƏR VƏ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ETMİR!*. Siz ATU-ya daxil olmaq üçün özünüz müraciət etməli və müsahibədən keçməlisiniz.

- ATU-da tədris Hazırlıq Kursundan (HK) başlayır. HK-ya daxil olandan sonra siz 6 ay müddətində tədris dili, tibbi fizika, tibbi kimya və tibbi biologiya üzrə dərslər keçəcəksiniz. Kursun sonunda siz bu fənlərdən yekun imtahan verməlisiniz. İmtahanı müvəffəqiyyətlə vermiş dinləyicilər ilkin qeydiyyat zamanı seçdikləri fakultənin 1-ci kursuna qəbul olmaq hüququ qazanırlar.

 

- ATU-nun Hazırlıq Kursuna daxil olmaq üçün addımlar:

  • ATU Qəbul Portalında (https://admission.amu.edu.az/) özünüzün qeydiyyat hesabınızı açın.
  • Əmin olun ki, tədris dilini və fakultəni düzgün seçmisiniz. Qeydiyyat hesabı açıldıqdan sonra onları dəyişmək mümkün olmayacaq!
  • Qəbul şərtlərini diqqətlə oxuyun. Verdiyiniz razılıq hüquqi qüvvəsi olan sənəddir.
  • Tələb olunan sənədlərin skan surətlərini yükləyin.
  • Komanda üzvlərimiz müraciətinizə (sənədlərinizə) baxıb sizinlə online müsahibə təyin edəcəkdir **.  Bildirmək istərdik ki, müsahibə ödənişlidir və  əcnəbi vətəndaşlar 70 ABŞ dolları (bank rüsumları nəzərə alınmır) həcmində rüsümu ödədikdən sonra onlara online müsahibə vaxtı təyin olunur. Təyin olunmuş gün və saatda müsahibədə iştirak etməyiniz mütləqdir. Müsahibə üçün keyfiyyətli İnternet qoşulma və işləyən veb kamera lazım olacaqdır.
  • Online müsahibə zamanı sizə tədris dili kimi seçdiyiniz dildə fizika, kimya və biologiya üzrə suallar veriləcək. Sizin dil biliyinizə də qiymət veriləcəkdir. Suallar ümumi orta məktəb proqramını əhatə edəcək. Özünüz və gələcək planlarınız barədə qısa məlumat verməyə də hazır olun.
  • Müsahibənin nəticəsi barədə məlumatı 24 saat ərzində alacaqsınız. ATU Hazırlıq Kursuna seçildikdən sonra ATU sizə təhsil vizası (ASAN Viza ilə daxil olan əcnəbi ölkə vətəndaşları istisna olmaqla) əldə etmək üçün dəstək olacaqdır. Bu, Azərbaycanla vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşları üçün lazım olmayacaqdır (https://evisa.gov.az/en/countries). 
  • Sonda ATU-ya şəxsən müraciət edib sənədlərin əslini təqdim etmək, ödəniş aparmaq və dərslərə başlamaq üçün sizə gün və vaxt təyin olunacaqdır. 

 

* Hindistan vətəndaşlarından başqa

** Yükseköğretim Kurulu (YÖK) göndərişi ilə müraciət edən Türkiyə vətəndaşları müsahibədən azaddırlar. Sənədlərinizi göndərəndən sonra bizdən təsdiqedici cavab gözləyin.